Erkən uşaqlıq dövründə valideyn münasibətlərinin uşağa təsiri 

[1-ci hissə]

(valideynlər üçün)

Fərdin dünyaya gəldiyi andan ailəsi ilə qurduğu münasibət yaşa dolduqca bu qarşılıqlı əlaqə onların bütün həyatlarını əhatə edən və təsir göstərən yaşayış formasına çevrilir. Bu müddətdə ailənin xüsusiyyətləri və ailə münasibətləri xüsusilə fərqlənir. Ailənin xüsusiyyətləri və münasibətləri uşağın şəxsiyyətinin formalaşmasına müsbət və ya mənfi təsir göstərir. Uşağın həyatında xüsusilə erkən uşaqlıq dövrünün ilk beş ilində sosiallaşmasında, ətraf-aləmi doğru şəkildə analiz etməsində şüurlu və ya şüursuz formada təsirli olan ən vacib vasitə onun ailəsidir. Uşağın bu mərhələdə ailədən aldığı təsirlər o qədər böyükdür ki, bu təcrübələr əgər mənfi xarakter alarsa onun erkən təsbit olunması və bərpasının həyata keçirilməsi bir neçə illik psixoloji müalicə ilə mümkün ola bilər. 

Uşaqların öyrənmə təcrübələrinin əsası ailədə qoyulur. Valideynlər yalnız birbaşa öyrətməklə deyil, digər şəxslərdən öyrəndiklərini də öz təcrübələri ilə sintez edərək doğru olan yanaşmalardan istifadə etməklə uşaqların bu ilkin dövrdən inkişaf və öyrənmə proseslərinə öz töhfələrini vermiş olurlar. Valideynlərin uşaqlarına qarşı məsuliyyətləri təmizlik, qidalanma, geyinmə kimi zəruri tələbatları ilə məhdudlaşmamalıdır.  Valideyn övlad arasındakı qarşılıqlı əlaqə uşağın davranışlarının formalaşmasında və müsbət davranışların qazanılmasında mühüm rol oynayır. Bir uşağın məktəbəqədər yaşda qazandığı davranışların əhəmiyyətli bir hissəsi, yetkinlik dövründə şəxsiyyət quruluşu, münasibətlərini, vərdişlərini, inanclarını və həqiqətlərini formalaşdırır. 

Valideyn-uşaq münasibətlərinə:valideyn-övlad münaqişəsi, aralarındakı ünsiyyət prosesi və valideyn-övlad əlaqəsi, bağlılığı daxildir. Valideyn-övlad arasındakı münasibətləri daha çox psixoloji yaxınlıq, inam və ünsiyyət kimi münasibətlər müəyyənləşdirir. Valideyn-övlad münasibətləri yalnız valideynlə övlad arasında bioloji xarakteri deyil, aralarındakı psixoloji və sosial münasibətləri də əhatə edir. Valideyn-uşaq münasibətləri ikisi arasında mövcud olan davranışları, duyğuları, uşaqdan gözləntilərinin birləşməsindən ibarətdir. Uşaqların valideynlərinin rolları və perspektivləri, valideynlərinə qarşı hissləri və hörmətləri barədə anlayışı uşağın həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Valideyn-uşaq münasibətləri erkən uşaqlıq dövründə meydana gələn uşaqların emosional inkişaf, özünü idarə və realizəetmə, dil və sosial inkişaf kimi davranış quruluşlarını təsir edir. 

Valideynlər uşağın ilkin sosial mühitidir, onları istiqamətləndirən təməl institutdur. Uşaqlar ilk sosial davranışlarını valideynləri və ailənin digər üzvləri ilə qarşılıqlı əlaqələr nəticəsində qazanmış olurlar. Valideyn və ailədəki digər fərdlərin uşaqla qarşılıqlı əlaqəsi uşağın ailədəki yerini və rolunu müəyyənləşdirir, uşaqlarla davranış mexanizmlərini formalaşdırır. Valideynlər uşağa inam hissini aşılayır və uşağın sosiumda qəbul edilməsi üçün lazımi mühiti hazırlayır. Həmçinin, cəmiyyətdəki digər fərqli fərdlərin qəbul edilməsi və hörmət, empatiya duyğularının yaranmasında böyük pay sahibi olurlar. 

 Ailə, məktəbəqədər dövrdə uşağın həyatında təsirli bir sosiallaşma mənbəyi olaraq görülür. Məktəbəqədər dövrdə uşağa öyrədilən sosial təcrübələrdən savayı, praktiki nümunələr kimi uşaq ən çox ailə üzvlərinə bənzəmək istəyir və onların hərkət və davranışlarından bir növ faydalanır. Burada doğru seçilmiş valideyn obrazının uşağın indiki və sonrakı həyatına əhəmiyyətli təsiri olur.  Sosial və emosional inkişafda valideynlər uşağın emosional ifadələrini və sosial bacarıqlarını formalaşdıran və güclü şəkildə təsir edən ən vacib modellərdir. Sosial öyrənmə nəzəriyyəsinə görə, insan davranışı təkcə möhkəmləndirmə ilə deyil, həm də davranış və ətraf mühit faktorlarının qarşılıqlı təsiri ilə izah edilə bilər. Valideynlər və uşaqlar arasındakı sağlam ünsiyyət uşağın sağlam bir şəxsiyyət kimi inkişaf etməsinə kömək edir. Başqaları ilə müsbət əlaqələr qurmaq üçün əsas yaradır. 

Sosial və idrak nəzəriyyəçilərinə görə, uşaqların qabiliyyətləri də valideyn-övlad münasibətlərindən təsirlənir. Bu nəzəriyyəçilərə görə, uşaqlar sosial və idrak bacarıqlarını valideynlərini nümunə kimi götürərək əldə edə bilərlər və bu vasitəni digər şəxslərlə qarşılıqlı əlaqələrə və ünsiyyətlərə tətbiq edə bilərlər. Valideynlərin isti və istiqamətləndirici münasibətləri uşaqlara münaqişə və problemləri uğurla həll etmələri üçün bir nümunə halına gətirilərək təmin edilməsinə təkan verə bilər. Müsbət bir valideyn-övlad münasibətində, uşaqlar digər fərdlər ilə qarşılıqlı əlaqə və münasibətlərdə onlara kömək edən yeni sosial və idrak bacarıqlarını sistemli və mənalı şəkildə öyrənilir və təcrübədən keçirirlər. 


 

Mənbələr: 

  1. Fine, M.A., Moreland, J.R., & Schwebel, A.I. (1983). Long-term effects of divorce on parentchild relationships. Developmental Psychology, 19, 703–713.

  2. Kandır A. ve Alpan, Y. (2008). Okul öncesi dönemde sosyal-duygusal gelişime anne-baba davranışlarının etkisi. Aile ve Toplum, 10(4), 33-38.

  3. Özgüven, İ. E. (2001). Ailede İletişim ve Yaşam, PDREM Yayınları, Ankara