Uşaqda aqressiyanın səbəbləri və qarşısının alınması

Uşağın aqressivliyi valideynlər üçün ən ağır imtahanlardan biridir. Uşaqlar çox vaxt öz aqressivliklərinin öhdəsindən gələ bilmirlər və böyüdükdə aqressiv davranışlarına nəzarət onlar üçün problem olaraq qalır. Aqressiya gizli  və ya əksinə açıq şəkildə özünü göstərə bilər.

Aqressivlik dedikdə, uşağın başqa bir şəxsə və ya özünə fiziki və ya emosional zərər vurmağa yönəlmiş hərəkətləri başa düşülür. Uşaq heyvanlara və ya maddi əşyalara qarşı da aqressiv ola bilər.

Psixoloqlar aqressiyanın iki formasını qeyd edirlər:

  1. Zərərsiz aqressiya israrlı, aqressiv olmayan, özünü qoruyan bir davranışdır. Bu cür davranış təhlükə zamanı qeyd olunur və müdafiə xarakteri daşıyır. Təhlükə aradan qalxdıqdan sonra bu cür aqressiv təzahürlər yox olur. Zərərsiz aqressiya uşağın həyatının ilk aylarında aşkar edilə bilər. Bu cür aqressiya körpənin ətraf mühitə normal uyğunlaşmasına, dünyanı tanımasına və özünü təsdiqləməsinə kömək edir.

  2. Zərərli aqressiya digər insanlara zərər verən davranışdır. Əlbəttə ki, qəzəb, qisas almaq istəyi özünümüdafiə vasitəsi ola bilər, amma buna baxmayaraq başqalarına ziyan verə bilər. Zərərli aqressiya qəflətən baş verə bilər. Bu aqressiya forması uşaq doğulandan dərhal sonra görünmür, ona ağrı və ya xoşagəlməz həyəcanlar törədəndə aktiv olur. Bəzən, uşağın başqasına ağrı verəndə həzz aldığını görə bilərik.

Zərərli və zərərsiz aqressiyadan başqa, psixoloqlar fiziki və verbal aqressiyanı da qeyd edirlər. Fiziki aqressiya uşağın insanları yumruqlaması və dişləməksi, heyvanlara işgəncə verməsi, əşyaları sındırması, korlaması və s. davranışlarla xarakterizə olunur. Bəzən uşağın aqressivliyi özlərinə yönəlir; paltarlarını cırır və ya özlərinə xəsarət yetirirlər. Verbal aqressiya zamanı isə uşaq başqalarını söyür, təhqiramiz sözlər işlədir, mübahisə edir. Aqressiv hərəkətlər uşaqlarda erkən yaşdan müşahidə edilə bilər. Həyatın ilk illərində qışqırıq, təpikləmə, dişləmə formasında təzahür edən aqressiya, demək olar ki, idarə olunmayan inadkarlıqla özünü büruzə verir.

Üç yaşına çatdıqda uşağın inadkarlığı ilə bağlı şikayətlər daha çox səslənir. Bu yaşda aqressiyanın təzahürü əsasən valideynlərin uşaqların davranışına reaksiyasından asılıdır. Əgər valideyn və ya tərbiyəçi açıq aqressiyaya qarşı dözümsüz olarsa, bunun nəticəsində aqressiyanın simvolik formaları (inadkarlıq, itaətsizlik və s.) özünü göstərə bilər.

Bu yaş dövründə uşağın öyrənmə arzusu daha da güclənir, ancaq uşaq eyni zamanda yeni qadağa və məhdudiyyətlərlə qarşılaşır. Uşağın marağı və valideynin “olmaz"ı arasında qarşıdurma yaranır. Bu münaqişənin həllini tapa bilmədikdə uşaqda qəzəb, ümidsizlik, aqressiya meyilləri oyanır. 3-4 yaşında uşağın aqressiv davranışında "köçürmə" müşahidə olunur. Yəni uşaq qəzəbini açıq şəkildə anasına tökməyə cəsarət etmir, əvəzində və öz qəzəbini başqa, daha zərərsiz bir obyektdən çıxır.

Məktəbəqədər yaşda aqressivlik problemi “üç yaş böhranı”na bənzəyir. Üç yaş böhranı mahiyyət etibarilə ictimai münasibətlər zəminində yaranan münaqişələrin məcmusudur. Bu dövrdə uşaq böyüklər üçün “çətin” uşaq kimi görünür, çünki uşaq valideynlə dalaşır, əşyaları hirslə qırır ki, bu da uşağın müstəqilliyinin və fəallığının artmasını göstərir. "Mən özüm" fenomeni yalnız müstəqilliyin nümayiş etdirməsi deyil, eyni zamanda uşağın böyüklərdən qismən ayrılmasını da nəzərdə tutur. Uşaq bir tərəfdən müstəqil olmağa çalışır, amma digər tərəfdən isə özünü zəif tənzimləyir. Valideynlərə bu müddət ərzində uşağa daha diqqətli və anlayışla yanaşmaq tövsiyə olunur.

Aqressiyanın bütün formalarının ümumi bir cəhəti var; bu  özünü, ətrafını, o cümlədən yaxın insanları yaxşılaşdırmaq məqsədi ilə vəziyyəti idarə etmək və ona təsir göstərməkdir.

 

Aqressiyanın qarşısını necə almaq olar?

Aqqressiyanın aradan qaldırılması əsasən uşaq və valideynlər arasındakı əlaqənin keyfiyyətindən asılıdır. Sevgi və mehribanlıq, müsbət emosional atmosferli münasibətlər uşağın vacib sınaqlardan, ağrılardan qaçmasına və emosional rifahın qorunmasına kömək edir. Uşaqlarda aqressiyanı səngitmək üçün aşağıdakı tövsiyələr faydalı ola bilər:

  1. Uşaqda baş qaldıran həddindən artıq narazılıq hissini dəf etməyə kömək edin. Bunun üçün ən uyğun vaxt aqressiyanın ilkin mərhələsidir.

  2. Uşağın müəyyən bir həddə qədər müstəqil olmasına icazə verin.

  3. Evi təhlükəsiz və uşağın maraq dairəsini təmin etmək üçün əlverişli edir.

  4. Uşağa əsəbinin öhdəsindən gəlməyi, eyni zamanda əsəbi uyğun tərzdə və vasitələrlə ifadə etməyi öyrətmək də vacibdir. Çünki uşaqda aqressivliyin səbəbi öz hisslərini saxlaya bilməməsi və hissləri müvafiq tərdə ifadə edə bilməməsidir.

Valideynlər və uşaq arasında düzgün münasibətin qurulması uşaqların sağlam emosional inkişafının əsas qarantıdır.