Döşlə əmizdirmənin sirləri

Laktasiya, yəni döş vəzilərində südün əmələ gəlməsi və yığılması hələ hamiləlik dövründən başlayır. Bəs laktasiyanın doğuşdan sonra davam etməsi üçün nə etmək lazımdır?

Körpəni ana südü ilə yedizdirmək üçün ilk növbədə ananın istəyi vacibdir. Anada özünəinamsızlıq olduqda və ya  körpəsini əmizdirmək istəyi olmadıqda, bu, süd azlığına səbəb ola bilər. Döşlə əmizdirmənin uğurlu həyata keçməsi üçün digər əsas məqamları nəzərdən keçirək:

  • Körpəni doğum zalında doğuşdan 20-30 dəqiqə sonra əmizdirməyə başlamaq lazımdır. İlkin südün tərkibinə körpənin həyatı üçün vacib olan bir sıra qoruyucu qidalı maddələr daxildir. Körpəni erkən əmizdirmək eyni zamanda anada laktasiyanı artıran hormonların (prolaktin) ifrazını çoxaldır.

  • İlk günlər körpəni növbə ilə hər iki döşlə əmizdirmək lazımdır.

  • Əgər doğuşdan sonrakı ilk günlərdə əmizdirmə mümkün olmursa, əl və ya süd sağan aparatla südü sağmaq lazımdır.

  • Körpənin qidalanma rejimini onun özü təyin edir. Körpəni, xüsusən doğuşdan sonra ilk 6 həftə ərzində onun istəyi ilə, tələbatına uyğun əmizdirmək lazımdır. Bu müddətdə qida rejimini müəyyən etmək vacib deyil. Bu, sərbəst rejim adlanır.

  • İki aylığında körpənin qidalanma rejimini təyin edin. Rejim təyin olunmadıqda, körpə gecələr tez-tez oyanır, narahat olur.

  • Əmizdirmələrin sayı sutka ərzində bir qayda olaraq 6-8 dəfədən 12 dəfəyədək dəyişə bilər. Uşaq böyüdükcə əmizdirmələrin sayı azalır.

  • Körpəni  əmizdirmə müddəti körpənin istəyindən asılıdır. Körpələr doyduqda özləri əmməkdən imtina edirlər. Körpə özünə lazım olan südün əsas hissəsini 5-7 dəqiqə ərzində əmir. Əmizdirmə müddəti hər dəfə müxtəlif ola bilər, lakin 20-30 dəqiqədən çox olmamalıdır.

  • Ananın südü kifayət qədərdirsə, körpəyə bir döşü əmmək kifayət edir. Əvvəl bir döşlə axıra qədər əmizdirin, çünki südün axırıncı porsiyası çox qiymətlidir. Tərkibində çox miqdarda yağ olduğu üçün sizin körpənizin çəki artımı üçün bu cür kalorili süd çox vacibdir. Əgər  azlıq edərsə, 2-ci döşü də verə bilərsiniz. Bu zaman həm körpə doyacaq, həm də prolaktinin ifrazı artacaq. Bir əmizdirmədə körpəyə sol döşü vermisinizsə, ikincidə sağ döşü verin.

  • Xüsusən ilk 1-2 ayda körpələrin gecə əmizdirilməsi vacibdir. Körpəni gecə 1-2 dəfə döşə qoymaq olar. Bu saatlarda körpənin əmizdirilməsi hormonun ifrazını artırır, bu isə südün artmasına səbəb olur. Körpəni gecə 1-2 dəfə döşə qoymaq olar.

  • Körpənizə ilk 6 ay ərzində su (çay) verməyin. Ana südündə yetərincə maye var (ana südü 87-90% sudan ibarətdir) və bu, hətta istidə belə körpənin tələbatlarını ödəyir. Hava çox isti olduqda körpə sadəcə olaraq daha tez-tez əmizdirilə bilər.

  • 4-6 ayına qədər körpənizi yalnız ana südü ilə qidalandırın. Əgər körpənizin çəkisi artırsa, onda yalnız ana südü ilə qidalanmanı 6 aya qədər artırın. Əlavə qidalarla yanaşı ana südünü 2 yaşa qədər verə bilərsiniz. 

  • Ana südü ilə qidalanan körpənin ilk 6 ay ərzində heç bir başqa qidaya ehtiyacı yoxdur. 6 aylıqdan başlayaraq uşağa əlavə qidalar (şirə, püre və s.) verilməyə başlanır. 

  • Yalnız əmizdirmə zamanı uşağı döşə qoyun. İlk narahatlıq əlamətləri yaranan anda körpəni sakitləşdirmək üçün dərhal onu əmizdirməyi düşünməyin. Uşağın narahatlığı isti və ya soyuğun təsiri, körpənin yerini islatması və yaxud sadəcə ünsiyyət ehtiyacından ola bilər.