Diqqət defisiti və hiperaktivlik pozuntusu (DDHP)

Diqqət defisiti və hiperaktivlik pozuntusu dedikdə, uşaqda hiperaktivlik, diqqət yayınması və impulsivlik kimi sağlamlıq pozuntusu başa düşülür. Məktəbəqədər və məktəb yaşlı uşaqlarda diqqət defisiti və hiperaktivlik pozuntusu təhsildə çətinlik və davranış pozuntusunun əsas səbəbidir. Bu halda uşaqlarda hərəki hiperaktivlik, diqqətini toplama defekti, impulsiv davranış, ətrafdakılarla münasibət qurmaqda problemlər təzahür edir. Oğlanlarda qızlara nisbətən 2 dəfə çox rast gəlinir. Diaqnoz obyektiv kliniki əlamətlərə görə qoyulur. Bəzən də digər xəstəliklərlə yanaşı DDHP ola bilir (Turett sindromu, bipolyar pozuntu, tiroid xəstəlikləri, meningit, ensefalitdən sonra və s.). DDHP genetik səbəbli və  neyrobioloji bir xəstəlikdir. Diaqnoz Amerika Psixiatriya Assosiasiyası tərəfindən hazırlanan DSM–V (Diagnostic and Statistical Manual of Mental Disorders) ilə qoyulur.

Uşağında DDHP olan valideynlərin ilk müraciəti pediatr, uşaq nevroloqu, psixiatr,  psixoloq, loqoped, defektoloq kimi mütəxəssislərə ola bilər. Buna görə də bu uşaqlara yardım göstərən mütəxəssislər bir-biri ilə sıx əlaqə saxlamalı, ümumi prinsiplərə malik olmalıdırlar. 

Gündəlik həyatda valideynlər görürlər ki, onların uşağı narahatdır, diqqətsiz və ya impulsivdir, öz reaksiyalarına kontrol çətinliyi var, hərəkət ehtiyacları çoxdur, öz növbələrini gözləyə bilmirlər. Məktəbəqədər müəssisələrdə və məktəbdə işləyən pedaqoqlar bu uşaqları daha tez aşkarlayıb, valideynlərə mütəxəssisə müraciət etmələrini tövsiyə etməli, bunun bir patoloji hal olduğunu, heç də tərbiyənin defisiti olmadığını bilməlidirlər.

Tədqiqatlar göstərir ki, anamnez toplamaqla öyrənilmişdir ki, DDHP olan uşaqların əksəriyyətində erkən yaşda sinir-reflektor oyanıqlığın artması olur ki, bu da özünü ilk aylarından göstərir. Düzgün qulluq, keyfiyyətli qidalanma olmasına baxmayaraq bu körpələrdə narahatlıq, səthi yuxu, səbəbsiz ağlamalar olur. 1-3 yaşlı uşaqlarda hərəki narahatlıq, motor bacarıqsızlıq, yuxu pozuntusu, nitq ləngiməsi olur. 3 yaşdan sonra hiperaktivlik, davranış pozuntusu, enurez, enkoprez izlənilir. Əsas simptomlar 3-7 yaşda təzahür edir. Bu yaşda hiperaktivlik (uşaq daima hərəkətdə olur, müəyyən müddət sakit otura bilmir, çox danışır), impulsivlik (düşünmədən hərəkət edir, öz növbəsini gözləyə bilmir, başqalarının sözünü kəsib söhbətə qarışır), diqqət yayınması (müəyyən fəaliyyətdə diqqətini cəmləyə bilmir, tapşırığı axıra çatdıra bilmir, digər fəaliyyət növünə yayınır) formalaşır. Yeniyetmə yaşlarda hiperaktivlik azalır və ya tam keçir, impulsivlik və diqqət yayınması qalır.

DDHP uşaqlara kompleks yardım göstərilməlidir:

  • DDHP olan uşaqların ailəsinə yardım üçün ailə və davranış terapiyası

  • DDHP olan uşaqların tərbiyəsində vərdişləri aşılamaq üçün valideynlərin təlim  proqramları

  • Məktəb müəllimləri ilə maarifləndirici iş

  • DDHP olan uşaq və yeniyetmələrlə psixoterapiya, xüsusi korreksion məşğələlər

  • Medikamentoz müalicə

Uşaqların tərbiyəsində vərdişləri aşılamaq üçün “time-out” metodundan istifadə etmək olar. Bu bir müvəqqəti  izolyasiya metodudur ki, uşaq özünü çox pis apardıqda və ya kontroldan çıxdıqda qabaqcadan danışılmış yerə göndərilir. Bu bir xüsusi stul və ya otaq ola bilər. Qısa müddət “time-out” ərzində (3-5 dəqiqə), uşaq tək qalaraq, həyəcan və oyanıqlıq vəziyyətindən sakitləşməlidir. “Time-out” üçün yer təhlükəli, qaranlıq otaq, zirzəmi, tualet olmamalıdır. Məqsəd odur ki, uşağa sakitləşmək üçün məkan olmalı və uşaq burada öz davranışına kontrolu bərpa etməlidir. Bu metod yeniyetmə yaşına qədərki uşaqlara yaxşı kömək edir. Yeniyetmələrə isə sadəcə deyilir ki, öz otağına keçsin və sakitləşənə qədər orada qalsın.

DDHP olan uşaqlar cəzadan çox, motivasiyalı və pozitiv yanaşmaya daha yaxşı reaksiya verirlər. Əgər cəzalanma vacibdirsə, bu zaman valideynlər qəzəblənməməli, sakit reaksiya verməlidirlər. Uşaq özünün səhv davranışını düzəltməyə çalışmalıdır. Valideynlər də gün ərzində uşağın uğurlarını, güclü tərəflərini səsləndirməlidirlər, uşağa öz artıq enerjisini sərf etmək üçün idman məşğələlərinə maraq yaratmalıdırlar. Əsasən açıq havada olan gəzinti, qaçış, idman oyunları faydalıdır. 

DDHP olan uşaqların valideynləri 3 əsas prinsipi yadda saxlamalıdırlar:

  • səbirlilik

  • ardıcıllıq

  • əzmkarlıq

DDHP simptomlarının azaldılması üçün uzunmüddətli, kompleks tədbirlərin  hər birindən yararlanmaq lazımdır.

 

Mənbələr 

  1. Н.Н.Заваденко Гиперактивность и дефицит внимания в детском возрасте 2-е изд.

  2. Детская неврология: пер. с англ. Майкл Э. Кохен

  3. http://www.child-encyclopedia.com/hyperactivity-and-inattention-adhd